Onunla ilk dəfə söhbət edəndə mənə elə gəldi ki, illərin tanışıyıq. O qədər xoş aurası, sərbəst davranış tərzi, nüanslı, lakin duzlu zarafatları vardı ki, hətta yeni tanış olduğumuzu unutdum və zarafatlarına qoşuldum. Hələ də yadıma düşəndə özümə gülürəm. Bu rubrikanı başlayan zaman onunla əlaqə saxladım. Həmişə məşğul olduğu üçün qaç-qov məsafədən müsahibə etdik. Çox da təvazökar olduğunu anladım. Müsahibə zamanı öz uğurları barədə danışmaqdan yayındığını, daha çox nə etməli olduğu barədə danışdığını görürdüm (uğurunun sirri bəlkə də elə bu düşüncə tərzidir). Sözün qısası, Qaloş, Jiquli rubrikasının yanvar ayının qonağı 19 yaşında hər şeyi buraxıb peşəkar musiqiçi olmaq üçün yola çıxan, Milanın La Skala Akademiyasının ilk azərbaycanlı məzunu, Əməkdar artist Azər Zadədir.
Azərin fəaliyyətini www.azerzada.com saytından izləyə bilərsiniz.
Ps. Bu gün Azərin atasının ad günüdür. İşlərindən dolayı atasının yanında deyil. Azərlə birlikdə Xalq artisti Zaur Rzayevin ad gününü təbrik edirik və can sağlığı arzulayırıq.
Müsahibəni ingilis dilində buradan oxumaq mümkündür
Azər, sizinlə son dəfə 2021-ci ilin yayında Arena di Veronada görüşmüşdük. Aida operasının 150 illik yubileyi zamanı əfsanəvi dirijor Rikkardo Mutinin rəhbərliyi ilə Aida operasında Radames rolunu canlandıracaqdınız. Yadımdadır, bütün opera boyu ancaq Radamesin səhnəyə çıxmasını gözləyirdim və dediyi hər sözü tam mənası ilə başa düşmək üçün bütün diqqətimi toplamışdım. Sadəcə fəxr edirdim sizinlə. Mutinin diqqətinə gəlmək və bu prestijli tədbirdə ifa etməyin arxasında əminəm ki, uzun illərin fədakarlığı və böyük zəhməti durur. Necə oldu bu tədbirə dəvət olundunuz? Hesab edirəm ki, bu hadisə sizə həm də yeni imkanlar açdı.
Maestro Muti ilə çalışmaq təklifi mənə gələndə sevincimin həddi hüdudu yox idi. O, elə nüfuzlü dirijordur ki, hər bir musiqiçi, yəni opera ifaçısı onunla işləmək arzusundadır. Təbii ki, mən də özümü bunun üçün çox xoşbəxt hiss edirəm. Onunla çalışmaq möhtəşəmdir. Dekabrın ortaları yenidən çıxışım olacaq, çox böyük səbirsizliklə gözləyirəm. Muti məni ilk dəfə mən Ravennada Aida operasını ifa edərkən duymuşdu. Orada dirijor başqası idi, lakin Muti məşqlərə gəlirdi, bizi dinləyirdi. İlk tanışlığımız oradan başlamışdı. Sonra Ravennada bir konsertə dəvət aldım və onunla ifa etdim. Bundan sonra məni Arena di Veronaya dəvət etdi. Təbii ki, bu mənim kurrikulum və karyeram üçün çox vacib olan an idi. Ona görə də Maestro Mutiyə çox minnətdaram.
Elə böyük və məşhur amfiteatrda ifa. Adama çox həycanlı gəlir, bütün tamaşaçıların gözü üzərinizdədir. Hər kəs bir yana, özünüzün özünüzdən gözləntiləriniz var. Bir az hazırlıqdan, səhnəyə çıxan ərəfədə keçirdiyiniz hisslərdən danışın.
Təbii ki, adrenalin çox yüksək olur, məsuliyyət olur. Ələlxüsus da Arena di Veronanın sezon açılışında çıxış etmək məsuliyyətlidir. Hamının gözü səndədir. Bir də reallıq var. Xaricisən amma gərək xarici kimi səslənməyəsən. Bunun üzərində əslində çox vaxt sərf eləyirəm. Deyim ki, bu çalışma, məşq prosesi özü mənə çox zövq verir. Amma tamaşa günü çox adrenalin, həyəcan olur. Bəlkə də elə ona görə bu sənəti seçmişəm. Tamaşaqabağı yuxu da vacibdir mənim üçün.
Bir az əvvələ qayıtmaq istərdim, daha doğrusu xeyli əvvələ, lap başlanğıca. Bu sənəti nə zaman həyat yolunuza çevirdiniz?
Musiqiçi ailəsində doğulduğuma görə evimizdə həmişə musiqi səslənib, xüsusi ilə klassik musiqi. Ona görə istər-istəməz özümdən asılı olmayaraq həmin aurada böyüdüyüm üçün uşaqlıqdan musiqiyə böyük istəyim olub. 19 yaşım olanda bir bankda çalışırdım. Bir gün qərara gəldim ki, işdən çıxım və peşəkar şəkildə bu işlə məşğul olum. Beləliklə, Bakı Musiqi Akademiyasının hazırlıq kursuna daxil oldum. Mənim müəllimim əməkdar artist professor Hüseyn Əliyevdir. Bu gün də o mənim müəllimimdir. Bakıya gedəndə hər zaman evinə gedirəm, məşğul oluruq, səsimə qulaq asır. O mənim ilk müəllimimdir və mənim üçün çox qiymətli bir insandır. Dediyim kimi, 19 yaşında qərar verdim və 21 yaşım hələ tamam olmamışdı ki, mən artıq İtaliyaya yola düşdüm. İlk əvvəl Ozimo adlı şəhərdə təhsil aldım. Təbii ki, çoxsaylı ustad dərsləri aldım. 2014-cü ildən etibarən Milan şəhərində yaşayıram, La Skala Akademiyasının məzunuyam.
Deməli, 19 yaşına qədər musiqi ilə məşğul olmamısınız. Birdən birə, bir səhər durub demisiniz ki, vəssalam, artıq içimdəki gücə qarşı dura bilmirəm, gedirəm ifa etməyə. Ətrafdakıların, ailənizin reaksiyası necə oldu? Ola bilər ki, bu reaksiyadan ehtiyatlanmaq bu qərarın verilməsini belə uzadıb?
Bəli, mən oxumağa 19 yaşımda başlamışam, ondan əvvəl oxumamışam. Doğrudur, 19 yaşınadək evdə daim musiqi olub, musiqiçilərlə əhatə olunmuşam və məncə bu mənim gələcəyim üçün, yəni bu günüm üçün bir him yaradıb. Həmişə atamın yanında idim, daim musiqiçlərlə, sənətkarlarla əhatələnmişdim, dövrəmdə daim sənət ab-havası vardı. Ona görə mən artıq 19 yaşında başlayanda, hesab edirəm, yaşadığım həyatdan dolayı bir ehtiyat bazam vardı. Amma peşəkar kimi yola çıxana qədər bir bankda kredit bölməsində çalışırdım. Bir gün gəldi ki, bu qərarı verdim. Əvvəl reaksiya çox müsbət deyildi, hətta atamdan belə. Çünki bilmirdi səsim necədir, heç vaxt oxumamışdım. Amma səsimi eşidəndən sonra dəstəyini həmişə bildirir. Bunun üçün ona minnətdaram.
Adama hekayə kimi gəlir, 19 yaşında sənətinizi, tutduğunuz yolu tam kənara qoydunuz. Hətta az sonra ailənizdən də ayrılmalı oldunuz. Çətin deyil?
Təbii ki, ailəm üçün darıxıram. Bu ayin 28-i atamın 70 yaşı tamam olur, yubileydir. İşimlə bağlı gedə bilmirəm. İşlərim çoxdur, yeni debütlər var, onlara hazırlaşmalıyam. Ailəm məni anlayır, başa düşür və bunun üçün minnətdarlığımı bildirirəm. Çox darıxıram, doğma şəhər, doğma ölkənin insanın ürəyində yeri başqadır.
Necə oldu ki, İtaliyaya gəlmək qərarı verdiniz? Hardan, necə başladınız?
Bilirsiniz ki, operanın məskəni İtaliyadır və bu səbəbədən bura gəlməyə qərar verdim. Mənə bu istiqamətdə ilk köməyi dostum, həmkarım Əvəz Abdulla göstərdi. Məni Rizvan Sədirxanovla tanış etdi. Rizvan müəllim illər əvvəl Ozima şəhərində yerləşən akademiyanın məzunu olmuşdur. O akademiyanı tanıyırdı və orada yaxşı tenor axtarırdılar. İlk əvvəl mənə qulaq asdı və bundan sonra yardım etdi. Beləcə getdim İtaliyaya təhsil almağa. Daha sonralar İtaliyanın bir çox şəhərində, İspaniyada ustad dərsləri aldım. Daha sonra qərara gəldim ki, özümü Milanın La Skala Akademiyasında sınayım. 2014-cü ildən artıq Milanda yaşayıram. Tələbəlik illərim də burda çox gözəl keçib. Tələbəlik illərimdə dövlətimizdən də daim dəstək hiss etmişəm. Bu mənə təbii ki, stimul verir.
La Skala Akademiyasına daxil olmaq asan olmalı deyil. Seçim çox rəqabətli idi? Sizdən başqa bu akademiyada təhsil almış ya alan azərbaycanlı var?
Bu akademiyaya daxil olmaq çox çətindir. Çünki dünyanın ən yaxşı akademiyalarından biridir. Mən oranın məzunu olmuşam və məndən sonra yaxın dostum kolleqam bas-bariton Məhərrəm Hüseynov oranı bitirib və hazırda Mariinski Teatrının solisti kimi karyerasını qurur. Artıq çoxalırıq yavaş-yavaş.
Nə zaman hiss etdiniz ki, karyeranız pərvazlandı? Solo ifanız nə zaman, hansı rolla baş tutdu?
Açığı heç vaxt karyeramın necə getdiyi barədə düşünmürəm. Bir az fəqli prizmadan yanaşıram. Son illər əsas diqqətimi daha çox öz üzərimdə işləməyə yönəltmişəm. Yəni karyeramı irəlilətmək yox, özümü təkmilləşdirmək üzərində çox çalışıram. Təbii ki, ümumi şəkli nəzərimdə saxlamağa çalışıram, amma əsas iş səsimin üzərində qurulur. Səsimin keyfiyyətini artırmaq, daha rahat ifa edə bilmək üçün çalışıram.
Səsin üzərində işləmək nə deməkdir? Necə işləyirsiniz səsin keyfiyyətinin üzərində?
Ümumilikdə bütün insanların, xüsusən, opera ifaçılarının səs instrumenti çox individualdır. İfaçı gərək öz səs tonunu tanısın, səsinə hansı repertuarın uyğun olduğunu anlasın. Deyim ki, bu heç də asan iş deyil. Zamanla orqanizm dəyişir, digər dəyişikliklər baş verir. Bütün bunlar səsə öz təsirini göstərir. Səs telləri çox incədir və hər hansı dəyişiklik özünü hiss etdirir. Bütün bu səbəblər üzündən səsin qorunması çox vacibdir.
İlk ifanız harda olub və daha sonralar baş rol ifaçısı kimi eyni səhnəyə qayıtmısınızmı?
İlk ifam Opera və Balet teatrında olub. Ora məni müəllimim Hüseyn Bağırov aparmışdı, onun sayəsində orada debüt etmişəm. İlk ifam Karmen operasında kiçik bir rol idi. Qarşıdan gələn may ayında yenə orada ifam olacaq. Elə Karmen operasında. Bu dəfə baş rolu ifa edəcəm. Təbii ki, bu xüsusi qürur anıdır. 2009-cu ildə orda kiçik rol ifa etdim, 2012-ci ildə artıq eyni səhnədə daha böyük rolda çıxış edirdim. Çünki 2010-cu ildə İtaliyaya oxumağa getmişdim. İlk böyük rolum orda Sevgi Şərbəti (L’elisir d’amore) operasında, Nemorino rolunun ifası ilə olmuşdur. İrəlidə, 9 martda Opera və Balet Teatrında o rolu yenidən ifa edəcəm. Təbii ki, mənə çox maraqlıdır.
İtaliyanın bəzi tanınmış müsabiqələrinin qalibisiniz. Hansı beynəlxalq müsabiqənin qalibi olmaq istəyərdiniz və hansı səhnədə gözünüz var, orda ifa etmək istəyərdiniz?
Ən böyük arzum odur ki, sevdiyim işlə məşğul olum. Fikirləşirəm ki, müsabiqə və konkurslar yəqin ki, daha gənclər üçün uyğun olar, artıq 31 yaşım var. Səhnəyə gəldikdə isə, La Skalada bir çox konsertlərdə iştirak etmişəm, məsələn, Otellodan duet ifa etmişəm, Toskadan ifa etmişəm. Arena di Veronada, Bolshoy Teatrda ifa etmişəm. Digər bir çox səhnələrdə ifa etmişəm. İstəyərdim ki, Metropolitan Operasında ifa edim, Nyü Yorkda. İnşallah o da olar. Məncə ən əsası özünü təkmilləşdirmək və öz üzərində çalışmaq lazımdır.
Çox rollar ifa etmisiniz, amma Otello ve Toskanın adını çəkdiniz, bir səbəbi var?
Toska operasını çox ifa eləyirəm, İtaliya, Rusiya, Fransa və digər ölkələrdə ifa etmişəm. Kavaradossi rolunu canladırıram. Otelloya gəldikdə isə, bu obrazın psixoloji durumunu, ruhunun təlatümlü halını çatdırmaq üçün məncə illərin təcrübəsi lazımdır. Buna dünya görüşü deməzdim, həyat təcrübəsi lazımdır. Bu operanın çox qəliz librettosu var. Ümid eləyirəm ki, növbəti on ildə özümü bu rola hazır hiss edəcəm.
Diqqəti Azərbaycana yönəldək. Azərbaycana dəvətlər alırsınız və ifalarınız olur. Sizcə, sizin peşənizlə bağlı İtaliyanın incəsənət və musiqi, ümumilikdə, Made in İtaly təcrübəsindən, necə faydalanmaq olar?
Azərbaycana son illərdə çox dəvətlər alıram. Öz evimdə ifa etmək mənə həm çox maraqlıdır, həm də məsuliyyətdir. İnsanın ürəyində öz evinin yeri bir başqa olur. Sonuncu dəfə orada Aida operasını ifadə etdim. Həmin ərəfədə bir çox ifaçılarla görüşdüm. Məndən 14-15 yaş gənc musiqiçilər idi. Bir dost, bir sənət yoldaşı kimi öz biliklərimi onlarla bölüşməyə çalışıdım. Məqsədim bacardığım qədər onlara məlumatlandırmaq yolu ilə dəstək vermək idi. Çünki, ağıllı insanlar öz ifalarından bilinir, yüksək intellekt hiss olunur. Təbii ki, bu həm də insanın öz üzərində işlədiyini bəlli edən bir göstəricidir. Ona görə də çalışıram ki, gənclərimizə ustad dərsləri vasitəsi ilə bir faydam dəysin.
Fikrinizdə mədəniyyət istiqamətində həyata keçirmək istəyərdiniz konkret bir plan varmı?
Məncə çox iş görmək olar, çox planlarlar, ideyalar fikirləşmək olar – konsertlər, tamaşalar və s. Fikrimcə, əsas keyfiyyət barədə düşünmək lazımdır. Əgər keyfiyyət yoxdursa, işin nəticəsi maraqsız görünə bilər. Məncə ən başda keyfiyyət gəlməlidir. Xüsusi ilə, indi, 2021-ci ildə [müsahibənin bir hissəsi 2021-ci ilin sonlarında alınmışdır], ələlxüsus söhbət opera və klassik musiqidən gedirsə. Opera studiyası açmaq olar, yaxud bir akademiya təsis etmək olar, bunlar hamısı gözəl təşəbbüslərdir. Amma ən əsası keyfiyyətin olmasıdır. İdeyam budur – diqqəti keyfiyyət üzərində cəmləşdirmək lazımdır.
İki xalqın bir birinə bənzər operaları varmı? Heç hansısa bir operanın sintezini etmək barədə düşünmüsünüzmü?
Açığı, məncə iki xalqın bir birinə bənzər operaları yoxdur və bu normaldır. Amma məsələn, Fikrət Əmirovun Sevil operasının və Koroğlu operasının, amma əsas Sevil operasının musiqisi Avropa musiqisinə daha yaxındır və daha rahatlıqla avropa səhnələrində ifa etmək olar. Məncə dünyanın hər bir tərəfində göstərmək olar. Çünki mövzusu çox aktualdır və musiqisi çox gözəldir. Ümumiyyətlə, musiqimiz çox gözəl və zəngindir. Bu musiqini dünyaya çatdırmaq və insanlara dinlətdirmək gözəl olardı.
Sizin kimi arzularının ardınca getmək istəyən azərbaycanlı gənclərə bu illərin sizə öyrətdiyi məsləhət nə olardı?
Məncə ən əsası odur ki, insan özünü sərbəst hiss etsin. Cünki insanın ruhi vəziyyətindən çox şey asılıdır. İnsan enerjisini lazımlı istiqamətə yönləndirə biləndə uğur da gəlir. Daim öz üzərində işləmək çox vacibdir. Mən bilirəm deyib arxayın düşməli deyil. İnsan nə qədər bilmirəm deyə fikirləşirsə, daha çox öz üzərində çalışır. Bundan əlavə, insanın öz reallığını düzgün qiymətləndirməsi vacibdir. Özümüzlə səmimi olmaq da digər amillərdən biridir. İnsan özü ilə səmimi olub nəyisə bilmədiyini özünə etiraf edəndə artıq öyrənməyə başlayır. Mən bilirəm, ehtiyacım yoxdur deyə düşünmək insanı yanlış yerdə saxlayır. Artıq 11 ildir ki, bu işlə məşğul oluram, müəyyən uğurlarım var, amma həmişə deyirəm ki, bilmirəm, ona görə də daha çox bilmək arzusu ilə yaşayıram.