Tod’s brendi üçün kapsul kolleksiya hazırlayan gənc moda dizaynerimiz Leyla Babayeva ilə söhbət
Qaloş Jiquli seriyası sizə isti xəbərlə gəlir. Yəqin ki, həm də ən gənc qonağı ilə – yetişməkdə olan moda dizaynerimiz Leyla Babayeva ilə tanış olun. Leyla lüks İtaliyan ayaqqabları ilə məşhur olan Tod’s brendinin Regenerasiya layihəsi (Re-generation) üçün seçilmiş 20 tələbədən biridir. Layihə hələ tam başa çatmayıb, səbirsizliklə sonunu gözləyirik. Hazırda Maranqoni Moda Dizaynı İnstitutunun Milan filialında təhsilini başa vurmaqdadır. Moda sektoruna gəlməsəymiş, ya ADA Universitetində diplomatiya oxuyacaqmış, yaxud da Rəssamlıq Akademiyasına müraciət edəcəkmiş. Çünki, lap uşaqlıqdan rəssamlıqla məşğul olub və xeyli mükafat və sertifikatlar qazanıb. Lakin valiydenlərinin də dəstəyini gördükdən sonra peşəkar moda dizayneri olmaq arzusunu reallaşdırmaq qərarına gəlib. Rəssamlıq bacarığı indiki işində hava su kimi lazımdır. Çox yaxşı da söhbət tərəfdaşıdır və uzun-uzadı söhbət etmişik. Ürəyi bu işdədir və tanınmış dizayner kimi yetişəcəyi hiss olunur. Məqsədyönlüdür və çalışqandır. Söhbətimiz zamanı maraqlı məsləhətlər verib. Buyurun oxuyun, siz də fikirlərinizi bildirin.
Leylanın dizayn portfeli ilə behance şəbəkəsində tanış ola bilərsiniz.
Tod’s markasını yenidən interpretasiyası üçün Leylanın hazırladığı kolleksiya barədə tam məlumatı Tod’s Akademiyasının saytından oxuya bilərsiniz.
Məqaləni ingilis dilində buradan oxuya bilərsiniz
Leyla, bu son layihə barədə danışın zəhmət olmasa.
Söhbət Tod’s brendinin Regenerasiya (Re-generation) layihəsindən gedir. Bu, artıq faəliyyətinin ikinci ilinə qədəm qoymuş Tod’s Akademiyasının Maranqoni Moda Dizaynı İnstitutu ilə əməkdaşlıq layihəsidir. Əslində mənim gözləmədiyim hadisələrdən oldu. Ötən ilin oktyabr ayı idi. Bir gün dərsə gələndə bizə məlumat verdilər ki, Tod’s Akademiyası Maranqoni institutundan 20 tələbə seçib. Bu tələbələrdən on nəfəri Milan kampusundan, digər on nəfəri isə Florensiya kampusundan idi. Seçim prosesində Maranqoni universiteti iştirak etməmişdir. Tod’s Akademiyası özü tələbələrin portfellərini təhlil edərək seçim etmişdir. Mən Milan kampusundan seçilən on tələbənin arasında idim və bizi nə gözlədiyi barədə heç kimin məlumatı yox idi. Tezliklə bizə layihə barədə təqdimat edildi və yeni kolleksiya yaratmaq üçün bir həftə zaman verdilər. Əslində bir həftə bir kolleksiya yaratmaq üçün çox az zamandır, kolleksiyanın mövzusunu seçmək, moodboard (ilham lövhəsi) hazırlamaq və s. vaxt aparan işlərdir. Vaxtın darlığı üzündən iş çətin idi, ancaq çatdırmalı idik. Hətta moda idarəetməsi üzrə təhsil alan tələbələrlə birlikdə peşəkar çəkilişlər edib kommunikasiya strategiyası da hazırladıq. İlk dəfə idi ki, İtaliyan brendi olan Tod’s bir İtaliyan moda məktəbi ilə əməkdaşlıq edirdi. Bundan əvvəlki əməkdaşlığı isə Londonda yerləşən Central Saint Martins Universiteti ilə olmuşdur. Lakin, pandemiya səbəbindən ilk layihə tam olaraq virtual həyata keçirilmişdir. Xoşbəxtlikdən bu il hərəkət imkanı vardı və bizi Tod’s brendinin Marke əyalətində yerləşən baş qərargahına apardılar. Tod’s Akademiyası da orda yerləşirdi.
Həmin bir həftə ərzində ən çətin iş nə oldu?
Konseptin seçilməsi. Ümumiyyətlə, moda dizaynı zamanı konseptin seçilməsi işin ən çətin hissəsidir. Konsept seçimini etdikdən və moodboard hazırlayandan sonra eszikləri iki günə tamamladım. Konsept seçimim və moodboard üçün ilham mənbəyim Western all’Italiana (İtaliyansayağı qərbli) filmi oldu. Kapsul kolleksiyanın adı Ride out to the old sundown idi. Çünki bu filmi italiyanlar çəkmişdilər və kovboy (cowboy) mövzulu film idi. Məqsədim italiyanların digər mədəniyyətlərlə qarışdığında öz kimliyini nə cür saxladıqlarını göstərmək idi. Bundan əlavə, kovboy stili artıq bir neçə ildir ki, dəbə qayıdıb, demək olar ki, bütün markaların kapsul kolleksiya da olsa kovboy stilində məhsulları var, ancaq Tod’s hələ bu mövzuya müraciət etməmişdi. İstəyirdim Tod’s indiyə qədər etmədiyi bir şey edim. Tod’s üçün öz irsini saxlamaq vacibdir. Bu səbəbdən, onun ənənələrini bu yeni stildə interpretasiya etməli idim.
Kovboy stilində nəyi fərqli interpretasiya etdiniz?
Tod’s ayaqqabılarının altında işlənən material “qommino” adlanır. Mən kolleksiyamda qomminonun formasını yenidən işlədim. Bundan əlavə, Tod’s adını balaca qommino ilə işləmişdim və bu Maranqoninin direktoru daxil, çox müsbət qarşılanmışdı. Bu markanın loqosu şirdir və ənənəvi yerləşdirildiyi yerlər var. Onun yerləşdiyi yeri dəyişmişdim, ayaqqabıda başqa yerə yerləşdimişdim. Daha gənc ruhlu, həm klassik, həm də idman tərzini bir araya gətirən interpretasiya üzərində çalışmışdım. Yenə qeyd etmək istəyirəm ki, bütün bu proses üçün konsept seçimi vacibdir. Bu seçimi etmək mənə asan olmadı. Mövzu seçiminin arxasında həmişə araşdırma durur. Məsələn, universitetdə konsept seçimi üçün bizə bir ay zaman verirlər. Hərdən elə olur ki, adam mövzunu seçir, amma iki ay sonra anlayrısan ki, nəsə uyğun gəlmir yaxud alınmır. Həm də nəzərdə saxlamaq lazımdır ki, bu konsept sonda fiziki məhsulda öz ifadəsini tapacaq. Ona görə konsept seçimi moda dizaynında məncə ən mühüm mərhələdir.
Konsepti doğru seçmək zamanın nəbzini tutmaq kimidir...
Bəli eynən. Zaman demişkən, bu layihələr üçün tələblərdən biri də ekoloji dayanaqlı materialların istifadəsi idi (sustainability). Tod’s üçün innovasiya və yaradıcılıq vacib olsa da, irsin qorunması və davam etdirilməsi vacib amillərdir.
Eynən Made in İtaly anlayışı kimi, doğrudur? Amma Tod’s kimi dəri üzərində qurulmuş brendlər üçün məncə bu keçid dövrü asan dövr deyil.
Bəli, ənənəni saxlamaq onlar üçün vacibdir. Tod’s markasının əsas məhsulları dəri sumka və ayaqqabıdır. Məsələn, bu brendin baş qərargahında mənim ən çox yadımda qalan məkan dəri arxivi idi. İnanilmaz geniş çeşidli arxiv idi. Hazırkı keçid dövründə dəri qədər keyfiyyətli alternativlər tapmaq elə də asan deyil və bu keçid onlar üçün ciddi mövzudur. Təbii ki, yalançı dəri istifadəsi məsləhətli deyil, keyfiyyəti müştərinin gözləntisini doğrultmur. Doğru material seçimi də araşdırma tələb edirdi. Sonda seçimim hazırda istifadəyə gəlməyə başlayan göbələk dərisi və ananas yarpağının liflərindən alınan pinyateks adlanan alternativ dəri oldu. Bu dəriləri İtaliyada tapmaq elə asan deyil, İspaniyadan sifariş etdim.
Çox maraqlı məqamdır, bu keçid dövru təkcə zövqlərdə baş verən dəyişikliklə yekunlaşmayacaq, həm də təhcizat zəncirinin konyukturasını dəyişəcək. Bəs digər tələbələr hansı alternativ materiallardan istifadə etmişdilər, bu ilk mərhələrnin sonunda kolleksiyalar arasında seçim edildi?
Bütün tələbələr dəriyə alternativ ola biləcək müxtəlif materiallar üzərində işləmişdir. Xeyir, kolleksiyalar arasında seçim edilmir. Bu ilin Tod’s Akademiyası üçün 20 tələbə seçilib və sona qədər 20 tələbə və tələbələrin yaratdığı 20 kolleksiya ilə davam edirik. Mənim kolleksiyamın təqdimatında münsiflər heyətinin tərkibi Tod’s markasının kreativ direktoru Ualter Çiapponi, Vogue jurnalının uzun illər moda bölməsinin direktoru olmuş, stilist və hazırda ekoloji dayanıqlıq üzrə yazarı Tonne Goodman və Vogue İtaliya jurnalının “Vogue istedadlar” layihəsinin rəhbəri, İtaliya Moda Palatasının moda səfiri Sara Mainodan ibarət idi. Mentorum isə əfsanəvi Tonne Goodman oldu. [red.Bir çox dünya məşhurlarının stilisiti olmaqla yanaşı, Tonne Goodman ABŞ-ın Birinci Xanımı Cill Baydenin Vogue jurnalının üz qabığı üçün son çəkilişlərinin stilisiti olmuşdur.]
Bu 20 kolleksiya üçün növbəti mərhələ nə olacaq?
Bu bizim üçün də sirrdir. Məlumatı ən tez bir həftə əvvəl bilirik. Hələ ki, heç bir məlumatımız yoxdur.
Gələcək planlarınız?
Fevralın sonu dissertasiyanı müdafiə etdikdən sonra Maranqonini bitirəcəm. Magistratura təhsili alsam, yəqin ki, moda biznesinin idarə edilməsi üzrə təhsil alaram. Bir markanın yaradılması üçün təkcə dizayner olmaq kifayət deyil, asan görünür, amma heç də asan iş deyil. Əvvəl təcrübə toplamaq istəyərdim.
Hazırda Alessandro Vigilante markasında təcrübə keçirəm. Bu yeni brenddir, yaradıcısı öz adı altında yaradıb və işini çox uğurlu qurub. Artıq Milan Moda Həftəsində iştirak etdi, bu ilin San Remo festivalının iki iştirakçısını biz geyindirdik. Həmin kostyumların eskizini mən hazırlamışdım. Alessandro Vigilante öz markasından əlavə Attico markasının da yaradıcı direktorudur. Bundan əvvəl isə Gucci, Dolce Gabana, Philosophy kimi brendlərdə məşhurların dizayneri kimi çalışıb. Artıq əvvəlki təcrübəsindən irəli gələrək moda sisteminin içindədir. Eyni zamanda kiçir şirkətdir deyə hər işi bir yerdə eləyirik, çox şey öyrənirəm və fikirləşirəm ki, bu mənim üçün uyğun yerdir. Böyük brendlərdə adətən iş bölgüsü olur və markanın tam işini anlamaq çətin olur.
1 martdan Rossignol brendində kiçik moda dizayneri kimi işə başlayacağam. Bu lüks üst geyimləri üzrə ixtisaslaşmış fransız markasıdır.
Bəs dissertasiya üçün hazırladığınız kolleksiya var?
Son il üçün hazırladığımız kolleksiya həm də bizim dissertasiya işimiz ola bilərdi. Lakin eyni kolleksiyanı təqdim etmək mənə darıxdırıcı gəlirdi. Ona görə dissertasiya üçün moda filmi hazırladım. Seçdiyim mövzu sosial təbəqələşmə və təbəqələr arasındakı fərqlərə aid idi. Filmi hazırlamaq üçün yayda Bakıda olanda Port Baku Mallda, Milanda və hətta Linkedİn sosial platformasında bu sektora aid insanlarla tanış olub sorğu apardım. Sorğunun məqsədi geyim və görüntünün insanların rəftarına təsirini araşdırmaq və anlamaq idi. Sorğumun nəticəsi maraqlı idi. Bu dövrlərdə təbəqələr arasında fərqlərin əriməsi haqqında çox iddialar səsləndirilir. Lakin apardığım sorğunun nəticələri əksini göstərirdi. Bəli, qədimdə bu göstəricilər daha aydın idi – məsələn, qədim Romada yalnız yuxarı təbəqə Toqa üst geyimi geyinə bilərdi və qırmızı Toqa yalnız imperatora məxsus idi. Günümüzdə təbəqələr arasında geyim qaydaları bu qədər sərt olmasa da, keçmiş zamanlarda olduğu kimi sosial təbəqəni bəlli edən göstəricilərdən biridir və eynən keçmiş zamanlarda olduğu kimi, orta təbəqə yuxarı təbəqəni imitasiya edir. Məsələn, Hermes, Louis Viutton yuxarı təbəqənin brendləridir və Zara kimi sürətli moda (“fast fashion”) markaları davamlı bu moda evlərinin imitasiyası ilə məşğuldur. Filmdə bu fikrin davamı olaraq lüks nə deməkdir sualına cavab tapmağa çalışmışam.
Azərbaycanda sizin sahənizdə Made in İtaly tərcübəsindən necə yararlanmaq olar? Gənc nəslə öz təcrübənizdən irəli gələn tövsiyyəniz nə olardı?
Bu sahə üzrə çox istedadlı gənclər var. Xüsusən rəsm sahəsində, məncə, gənclərimiz çox istedadlıdır. Fikrimcə, moda üzərində daha çox çalışılmalıdır, yəni iki-üç aylıq kurs keçmək kifayət deyil, daha dərindən öyrənmək lazımdır. Bu sahə üzrə dörd illik universitet olsa, akademik təhsil olsa məncə yaxşı mütəxəssislərimiz yetişər. Bakıda gənclər dəbi çox sevirlər, ancaq məncə moda dizayneri anlayışını çox sadə qəbul edirlər. Moda dizayneri olmaq təkcə atelye açmaq demək deyil, yalnız dərzilik deyil. Yəni bu qədər sadə anlayış deyil. Eyni fikirlər məncə moda sektoruna aid digər peşələrə, məsələn bayer peşəsinə də aiddir.
Yəni, moda dizayneri sosial cərəyanları anlamalı və bu cərəyanların cəmiyyətin zövqündə yaradacağı dəyişiklikləri proqnoz etməyi bacarmalıdır?
Bəli, zövqlərdə baş verəcək dəyişikliyi əvvəldən proqnoz etməyi bacarmalıdır, sosial tendensiyaları interpretasiya etməyi bacarmalıdır. Moda tədbirlərinin təşkilinə konseptual yanaşmaq vacibdir. Kommunikasiya strategiyasının olması mühümdür. Amma bununla yanaşı, inanıram ki, akademik səviyyədə təhsil mövcud olsa, uğurlu alınar. Dialoq yaratmaq maraqlı fikir olardı. Artıq beynəlxalq səviyyədə uğur qazanmış bir neçə moda dizaynerimiz var, onların iştirakı ilə seminarlar və s. təşkil etmək müsbət nəticələr verər. Bizdə əl işləri çox mükəmməldir, məsələn keramika, xalçaçılıq işləri çox gözəldir. Bu ənənəmizdən faydalana bilərik. Gənc nəslə tövsiyyəmə gəldikdə isə, deyərdim ki, moda sektorunda tənqid həmişə var. Bu tənqidləri dinləyin, amma çox fikir verməyin, öz fikir və arzularınızın ardınca gedin.