Moda markası: Act N1
Həm-yaradıcılar: Qalib Həsənov və Luca Lin
İnternet mağazası: actn1.com
“Qaloş Jiquli” silsilə müsahibələrin ilk qonağı Milanda yeni parlayan moda dizayneri, ACT N1 markasının həm-yaradıcısı Qalib Həsənovdur. Qalibin yaratdığı geyimlər sadəcə geyim deyil, konseptdir, sosial ünsiyyət vasitəsidir. Onun dizaynlarının səciyyəvi xüsusiyyəti təzadlı elementləri bir geyimdə birləşdirməkdir. Hazırladığı geyimlər uşaqlıq xatirələrinin ifadə formasıdır.
Salam Qalib. Səhv etmirəmsə, 2017-ci il idi, İtaliyada müxtəlif tanışlarım Azərbaycanla bağlı bir xəbəri mənə yönləndirirdilər. Xəbər Qalib Həsənov adlı azərbaycanlı gənc moda dizaynerinin Luca Lin adlı gənc çinli dizaynerlə Vogue İtaliya və AltaRomanın birgə təşkil etdiyi müsabiqədə qalib gəlməsi barədə idi. Anladığım qədər bu yarış çox rəqabətli yarışdır. Ümumilikdə bu müsabiqə və necə oldu ki, bu müsabiqədə iştirak etdiniz, hansı dizaynla iştirak etdiniz – bu barədə danışın zəhmət olmasa.
Artıq üçüncü kolleksiyanı hazırlayırdıq ki, bu müsabiqə haqda məlumatlandıq və işlərimizi göndərdik. Bir neçə turdan sonra finala keçdik. ”Who is on Next?” adlanan bu müsabiqə İtaliyada yaranan gənc markalara dəstək məqsədi ilə 2005-ci ildə yaradılıb. Moda sektorunun inkişafında əhəmiyyətli rol oynayır. Xüsusən, biz iştirak etdiyimiz il – 2017-ci ildə münsiflər heyəti moda dünyasının tanınmış simalarından təşkil olunmuşdur. Onlardan bir neçəsini sadalayım – Fendi moda evinin hazırkı dizayneri və Fendi ailəsinin davamçısı Silvia Venturini Fendi; Valentino moda evinin dizayneri Pier Paolo Piccioli, eyni adlı markasını yaratmış dizayner Giambattista Valli, Vogue jurnalının 25 müxtəlif dildəki rəqəmsal nəşrini birləşdirən Online Vogue İnterational seqmentinin baş redaktoru, OBE titulunun daşıyıcısı, britinaliyalı moda tənqidçisi Suzy Menkes, Vogue İtalia jurnalının xüsusi layihələr üzrə direktor müavini, İtaliya Moda Palatasının beynəlxalq moda səfiri Sara Maino münsiflər heyəti sırasında idilər.
ACT N°1 markasını biz 2016-da yaradıcı ortağım Luca Linlə öz uşaqlıq xatirələrimiz əsasında qurmuşuq. Kolleksiyalarımızda mütəmadi olaraq sosial məsələlərdən, problemlərdən, insan azadlıqlarından və bizə məxsus mədəniyyətlərdən bəhs edirik. Elə həmin müsabiqədə təqdim etdiyimiz kolleksiya insanların dinindən, dilindən, irqindən, genderindən asılı olmayaraq birlik olub bir-birinə hörmətlə, sevgiylə yanaşmasından bəhs edirdi. Geyimlərdə Azərbaycan xalçalarına aid detallardan, Çinin tarixi sulu boyalarından ilhamlanaraq düzəltdiyimiz basmalardan istifadə etmişdik. İşimiz ümumilikdə münsiflərə çox gözəl təəsüratlar bağışlamış, yüksək qiymətləndirilmiş və bizə qələbə gətirmişdi.
Amma artıq bu vaxta qədər öz moda şirkətinizi yaratmışdınız, doğrudur? Necə, harda yaratdınız? Hansı kateqoriya üzrə dizayn edirsiniz, qiymət siyasətiniz necədir?
Bəli, Milanda moda dizaynı və bədii idarəetmə üzrə təhsil aldıqdan sonra 2016-cı ildə Reggio Emilia şəhərində ortağım Lucanın evində iki otaqda ACT N°1 markasını qurduq. Özümüz biçmə-tikmə bacardığımız üçün çox az vəsaitlə başlayıb irəliləyə bildik. Qadın geyimi ilə başlasaq da zamanla uniseksə keçdik. Hazırda kişi geyiminə də başlayırıq. İndi dünyanın 80-dən artıq çoxmarkalı butikində şatışdayıq. Markamız İtaliyadan başqa ABŞ, Çin, Yaponiya və digər ölkələrdə də bazara daxil olmuşdur. ACT N°1 markasının satış mövqeyi lüksə giriş olaraq tənzimlənib, qiymət civarı Max Mara ilə müqayisə oluna bilər. 2021-ci ilin Fevral və Sentyabr aylarında iki dəfə ACT N°1 x Marella limited kapsul kolleksiyasını bütün dünyadakı Marella butiklərində müştərilərə təqdim etmişik.
Bu qələbənin nəticəsi olaraq İtaliya Moda Palatası sizi Milan Moda Həftəsinin rəsmi kalendarına daxil etdi. Bu kalendar üzrə ildə dəfileniz neçə dəfə olur? Həm də hazırlıq prosesi barədə bir az bizə danışın zəhmət olmasa.
2018-ci ilin sentyabrından mütəmadi olaraq ildə iki dəfə, sentyabr və fevral aylarında Milan Moda Həftəsində rəsmi cədvəldə nümayişimiz olur. Numayiş mətbuatın, alıcıların, kritiklərin cəmləşdiyi böyük bir layihədir. İki ay yeni kolleksiyanın hazırlanması, musiqi, işıqlar, quraşdırma, beş gün isə kasting/fitting və s. üzərində çalışırıq. İşin ən çətin tərəflərindən biri məkan seçimidir. Milan Texnologiya Muzeyi və Kral sarayının zallarından biri ən yaddaqalan məkanlarımızdan olmuşdur.
Diqqəti Azərbaycana yönəldək. Bilirəm ki, həvəskar gənclərlə ünsiyyətdəsiniz və müəyyən bir layihələr həyata keçirirsiniz. Sizcə, Made in İtaly təcrübəsindən hansı istiqamətlərdə faydalanmaq olar və hansı sahələrdə potensial görürsünüz?
Hazırda interyer sahəsində gənclərdə çox potensial görürəm. Ancaq moda sahəsində bunu hiss etmirəm. Bir neçə gənc var, lakin ya şəraiti yoxdur, ya yaradıcılığını büruzə verməkdən çəkinir. Hər şeyin başında özünə inam durur. Dayanmamaq, ətrafa baxmaq, fərqli sahələrə maraq göstərərək inkişaf etmək lazımdır. İtaliyan təcrübəsindən məncə nəticə çıxarmaq lazımdır. Öyrənməklə və tətbiq etməklə industriya qurmaq lazımdır.
Fikrinizdə mədəniyyət, moda və dizayn istiqamətlərində konkret bir plan varmı ki, həyata keçirmək istəyərdiniz?
Mənim fikrimdə bir neçə sahəni inkişaf etdirmək üçün planlar var. İstər incəsənət, istərsə iqtisadiyyat sahəsində. İstəyim odur ki, Azərbaycanda bu sahədə tanınmayan, özünü sınamaq istəyən qabiliyyətli gənclərin potensialı ortaya çıxsın, parlaq gələcək qursunlar. Böyük teatr tariximiz var, lakin, fikrimcə, orada olan geyimlərin keyfiyyətinin qaldırılması lazımdır. Milli geyim irsimiz çox zəngindir. Düşünürəm ki, həm bu irsi inkişaf etdirmək, həm də bu geyimlərin keyfiyyətli hazırlanması üçün meyarlar müəyyən etmək çox yaxşı olardı. Ümumiyyətlə, fikirləşirəm ki, bu sahədə çox ciddi işə ehtiyac var.
Sizin kimi arzularının ardınca getmək istəyən azərbaycanlı gənclərə bu illərin sizə öyrətdiyi məsləhət nə olardı?
Heç nəyi bəhanə gətirmək lazım deyil. Arzularınızın arxasınca gedin. Qorxmadan, çəkinmədən özünüzü ifadə edin. Ətrafa baxın, araşdırın, insan öyrəndikcə böyüyür. Tez-tez ”mümkün deyil!” eşidəcəksiniz, qulaq asmayın. Əsas sən özün inanırsansa, hər şey həyata keçəcək.