Qaloş Jiquli seriyasının bu ay qonağı Fidan İlqardır. Fidanı mənim kimi əvvəllər tanımayanlar bu müsahibədən sonra onu unutmayacaq. Çünki Fidan həyatının bir məqamında çoxlarımızın vermək istədyi, lakin cürət edib verə bilmədiyi bir qərarı verib. Bakıda işinin və karyerasının ən çiçəklənən zamanında peşəkarlığını İtaliyada növbəti səviyyəyə yüksəltmək qərarına gəlib. Bu yol nə qədər dumanlı və çiskinli olursa olsun, qərarından donməyəcəyinə söz verib. Asan olub? Qətiyyən. Amma yaradıcılığın beşiyi olan ölkədə öz imzasını atmaq üçün illərlə çalışan Fidan artıq iki ölkənin mədəniyyətini bir araya gətirəcək layihə başlamağı düşünür. Fidanı tanımaq mənə çox xoş sürpriz oldu, məncə sizin üçün də belə olacaq.
Fidanla işi, həyatı, keçdiyi sınaqlar, rəssamlıq, dizaynerlik, İtaliya təcrübəsindən faydalanmağın yolları barədə söhbət etdik. Ümidvaram, Fidanın cəsarətli qərarı, inadkarlığı və əldə etdiyi uğurlar öz arzusunun ardınca getmək istəyən gənclərimizi cürətləndirəcəkdir.
Fidanın dizayn portfeli ilə behance şəbəkəsində tanış ola bilərsiniz.
Məqaləni ingilis dilində buradan oxumaq mümkündür.
İnteryer dizayn təkcə proqramdan istifadə etməyi bilmək deyil. Təhsil vacibdir. Ancaq deyərdim dünya görüşü də eyni ilə vacibdir.
– Fidan
Fidan, necə oldu İtaliyaya gəldiniz və burada peşəkar kimi yetişməyə qərar verdiniz?
Bakıda bakalavr təhsilini başa vurandan sonra 2008-ci ildə ildə Florensiya Dizayn Akademiyasına qəbul olunub, orada magistr təhsili almışam. Təhsilimi bitirəndən sonra Bakıya qayıtdım və dizayner kimi həm sərbəst, həm də fərqli şirkətlərdə çalışdım. Son şirkətdə çalışanda Milana səfər etməli olduq və orada olanda yenidən təhsil almaq qərarı verdim. İED (Avropa Dizayn İnstitutu) institutuna daxil oldum və ikinci magistr təhsilimi aldım. Artıq 2013-cü il idi. Əslində təhsil aldıqdan sonra Milanda iş təcrübəsi qazanmaqda da maraqlı idim. Magistr təhsili zamanı böyük şirkətlərlə əməkşdaşlıq layihələri üzərində işləmişik. Birbaşa biznes və sənaye dünyası ilə bağlı olan layihələr üzərində işləmək maraqlı idi. Universiteti bitirəndən sonra universitet özü məni memar inşaat mühəndis şirkətində staja göndərdi. Həmin şirkət o vaxtlar İstanbulda Kirazlı-Halkalı metro xəttinin tərtibi ilə məşğul idi. Xəttin interyer dizaynını mən verirdim. Ancaq vaxtım bitəndən sonra müqaviləmi uzatmamaq qərarına gəldim. Çünki, daha yaradıcı işlə məşğul olmaq istəyridim.
Tapa bildiniz?
Stajı bitirəndən sonra arzuladığım işlərdə çalışmaq üçün italiyan dilini yaxşı bilməli olduğumu anlamışdım. Ona görə çox qızğın şəkildə italiyan dilimi mükəmməlləşdirmək üçün çalışdım. Bununla da həyatım çox müxtəlif və müsbət istiqamətə dəyişdi. İtaliyanlarla ünsiyyət qurmağa və əlaqələr yaratmağa başladım. Tezliklə, fərqli şirkətlərdən təkliflər gəlməyə başladı və beləcə yolum açıldı. Sərbəst dizayner, rəssam kimi işləməyə başladım.
Universitetdə hansı ixitsas üzrə təhsil alırdınız?
Bakıda Rəssamlıq Akademiyasında bakalavr təhsilimi sənaye dizaynı üzrə almışam. İxtisasım ümumiyyətlə dizayner rəssamdır. Həm Florensiya Dizayn Akademiyasında, həm də İED institutunun Milan filialında isə hər iki magistr dərəcəmi interyer dizayn üzrə etmişəm. Amma fəaliyyət dairəm təkcə bununla məhdudlaşmır. Müxtəlif yaradıcı işlərlə məşğul oluram. Hələ gənc yaşlarımdan rəssamlıq müsabiqələrində iştirak etmişəm, sərgilərə qoşulmuşam və demək olar ki, həmişə uğurlu nəticələr əldə etmişəm. Hətta bəzi fotoqrafiya sərgilərinə fotoqraf kimi qatılmışam və çox vaxt da qoşulduğum yarışmaların qalibi olmuşam.
Siz deyəsən daha çox sərbəst dizayner kimi işləməyi üstün tutursunuz.
Bəli, mən yaradıcı işlə məşğulam, ruhən yaradıcı insanam. Mənə yaradıcılığımı ifadə etmək üçün mühit lazımdır, öz məkanım olmalıdır. Məsələn, universiteti bitirdikdən sonra universitet vasitəsi ilə tapılmış iş əslində böyük nəaliyyət idi. Lakin, mən o cür baxa bilmirdim. İşimin mühandisliklə sıx bağlı olması mənim ruhumu sıxırdı. Yaradıcı iş üçün tələb az idi. Daha çox qrafik üzərində qurulmuş iş idi.
Bir əcnəbi olaraq başqa ölkədə sığortalı iş yeri olmadan, bu cür rəqabətli sahədə müstəqil dizayner kimi çalışmağı necə bacardınız?
Məncə, xarici ölkəyə köçən insanların hamısı bir depressiv transformasiya dövrü keçir. O dövrü insan aşmağı bacarır, yaxud bacara bilmir. Bir dəfə gəldim İtaliyaya oxudum qayıtdım və növbəti dəfə onu etmək istəmədim. Açığı çox çətinliklərdən keçdim, mənəvi və düşüncə sınağım ağır oldu. Öz ölkəndən kənarda olanda, immiqrant hesab olunaraq kənarda qalmaq çox realdır. Ancaq fikirləşdim ki, əlimdən gələni edim. Alınmasa, heç olmasa bilərəm ki, cəhd etdim. Gücümü və bacarığımı sınamaq qərarına gəldim. Beləliklə, dil öyrənməyə başladım. Artıq anlamışdım ki, dili öyrənməyincə, yerli mədəniyyəti anlamayınca mümkün olmayacaq. Özümə söz verdim ki, inteqrasiya edim və sona qədər gedim, bilim ki, bunu sona qədər etdim. Dili öyrənəndən sonra bir çox qapılar açıldı. Qalereyalar ilə tanış oldum, hətta əməkdaşlıq etməyə başladım və çox uğurlu alındı. Ümumiyyətlə deyim ki, asan olmayıb. Heç asan olmayıb, iradəmin sərhədlərini sınayacaq qədər getmişəm. Amma bu prosesdə çox adamlar tanıdım, tanışlarım artdı. İndi artıq müəyyən bir ətrafım var.
Rəssamlıqla hələ də məşğul olursunuz.
Rəsmlə uşaqlıqdan məşğulam. Lap kiçik yaşlarımdan rənglər həyatımın bir hissəsi olub, həmişə məni cəzb edib. Böyüdükcə anlamışam ki, bu mənim ruh halımdır, özümü bu yolla ifadə edirəm. Lap kiçik yaşlarımdan həm ölkə daxilində, həm də qonşu ölkələr arasında keçirilən yarışlarda, konkurslarda işitrak etmişəm. Çox vaxt da ilk yerləri qazanmışam. Əvvəllər yağlı boyadan daha çox istifadə edirdim. İndi isə daha çox qarışıq texnikaya üstünlük verirəm. Son zamanlar bir seriya üzərində işləyirəm. Seriya Qadın adlanır. Qadınların adətən üzdən görünməyən müxtəlif ruhi və mənəvi keyfiyyətlərini göstərməyə çalışıram. Bu seriyanı yaratmaq üçün qarışıq texnikadan istifadə edirəm və sərgiləmək üçün hazırda İtaliyanın müxtəlif qalereyaları ilə əməkdaşlıq edirəm.
Lakin təkcə rəssamlıqla məşğul deyiləm, illərlə bədii quraşdırmalar, fotoqrafiya və s. kimi incəsənət sahələri ilə məşğul olmuşam, yenə sərgilərə qoşulmuşam, yarışlarda iştirak etmişəm. Deyim ki, bu yarışlardan bol diplomlar qazanmışam.
Pandemiyanın ilk illərində karantin dövrünü necə idarə etdiniz?
Səmimi desəm, o qədər pis keçmədi. Hamı kimi mən də İtaliyan otaq yoldaşımla qapımızı bağlayıb oturduq evdə. Amma həmin müddətdə Gucci üçün çalışırdım. Əslində, həmin müddət digər vaxtlarda olduğundan çox işləyirdim. Heç xəbərim olmadı vaxt necə keçdi, çox işləyirdim amma maraqlı idi.
Guccidə iş təcrübənizdən danışın
Ora işə girmək asan olmayıb. Davamlı Gucci və Gucci kimi böyük şirkətlərə iş üçün müraciət edirdim. Sənədləri göndərəndən hətta bir il keçmişdi ki, iki fərqli departamentindən müsahibəyə çağırdılar. Mən artıq illər idi ki, interyer dizayn üzrə çalışırdım. Ancaq meni qrafik dizayn şöbəsinə təklif etdilər. Beləcə işə başladım.
Guccidə mənə yeni olan hər detal üçün ayrılan diqqət idi. Nəhayətdə bu detallar çox gözə çarpmır, amma bu detalların üzərində biz bir-iki ay işləyirdik. Son məhsul bəlkə də sadə görünür, amma arxasında çox iş durur. Çünki kiçik detallar bir məhsulun illərlə bazarda qalmasının səbəbi ola bilər. O üzdən detallara xüsusi diqqət yetirilirdi. Mən işlədyim şöbə qrafik işləri, rəng və detalların dizaynı ilə məşğul olurdu. Çox maraqlı təcrübə idi.
Sizin portfeldə Kristal Zalı və s. kimi Bakıda tanınmış məkanların dizaynlarını görmüşəm. Onları İtaliyaya gəlməzdən əvvəl işləmisiniz?
Bəli. Milana ikinci magistr təhsili almağa getməzdən əvvəl Kristal Zalın dizaynı ilə məşğul olan şirkətdə dizayner kimi çalışırdım, həmin dövrdə tək orda yox, həmçinin o ərazidə həyata keçirilən tikintilərin dizaynında az olsa da rolum olub – Bayraq Meydanı, o ətrafda olan muzeylər, restoranlar və s. – hardasa 10 il əvvəl o ərazi boş idi – bizim ofisin dizaynerləri orada işləyirdi. Həmin zamanlar mən qrafik dizayner kimi işlədiyim şirkət həmin ərazinin inkişafına cəlb olunmuşdu. Çox maraqlı dövr idi mənim üçün, çox gözəl işlər gördük. Amma elə o vaxtlar idi ki, Milana getməli oldum və hiss etdim ki, artıq Milanda qalıb özümü inkişaf etdirmək istəyirəm, bir daha təhsil almaq qərarına gəldim. Amma artıq öz işimi qurmaq istəyirəm.
Maraqlıdır, nə kimi layihə var fikrinizdə, İtaliyada olacaq ya Azərbaycanda?
İşi qurmazdan əvvəl ətraflı məlumat vermək istəmirəm, amma rəssamlıq daxil, yaradıcı bir işlə məşğul olmaq istəyirəm. Həm İtaliya, həm də Azərbaycanla işləmək niyyətim var. Bu iki ölkənin mədəniyyətini bir araya gətirəcək bir incəsənət layihəsi üzərində işləyirəm. Əsas məncə mədəniyyətlərin ünsiyyətidir, onda hər iki tərəf öyrənir. O demək deyil ki, azərbaycanlılarla italiyanlar arasında birgə layihə olanda təkcə azərbaycanlılar öyrənəcək. Bir çox məlumatlar italiyanlar üçün yeni olacaq, ən azı dünya görüşləri bizim zonaya genişlənəcək.
Azərbaycanda öz arzusunun ardınca getmək istəyən gənclərə məsləhətiniz nə olardı?
Təhsil vacibdir. İnteryer dizayn təkcə proqramdan istifadə etməyi bilmək deyil. Bu qədər bəsit deyil dizaynerlik. İşin texniki tərəfini bilmək yaxşıdır, ancaq təhsil bazasını güclü etmək vacibdir. İstedad vacibdir.
Ancaq deyərdim dünya görüşü də eyni ilə vacibdir. Bir yerdə qalmasınlar. Gözü və düşüncəsi açıq olsunlar. Görüb götürməyə açıq olsunlar. Bir müəllimim vardı, deyirdi, davamlı maraqlanın, öyrənin, görəcəksiniz ki, sizin ağlınıza gələn fikirlər başqalarının ağlına illər əvvəl gəlib və yaradıb. Siz artıq mövcud olanın nəsə bir hissəsini, detalını dəyişin və o yenilik olacaq. Ona görə açıq fikirli olmaq, davamlı başqalarından öyrənmək, fikir mübadiləsi aparmaq çox vacibdir.
“Made in İtaly” sizin üçün nə deməkdir və bu təcrübədən biz necə yararlana bilərik?
Ağlıma ilk gələn söz keyfiyyətdir. Keyfiyyətli və uzun ömürlü iş gəlir fikrimə. Bu təcrübədən yararlanmağın yollarını qaynayıb qarşımaq, gənclərin bu təcrübəni öyrənməsi yolu ilə tapmaq olar. Gənclərin qarşılıqlı mübadiləsinə ciddi fikir vermək lazımdır. Deyərdim ki, bizim çox istedadlı gənclərimiz var, çox dəyərli mütəxəssislərimiz, yaxşı əl qabiliyyəti, ideyaları olan insanlarımız var. Yəni ki, potensialımız var, sadəcə üzə çıxarılması, təlimlənməsi və tanınması lazımdır.